REGİONLAR
Kəngərli rayonunun Böyükdüz massivində yeni zavod inşa olunur
Kəngərli, 28 yanvar, Rauf Əliyev, AZƏRTAC
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Böyükdüz massivində alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal edəcək yeni zavodun inşasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, müəssisə muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılır.
Bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan zavodda ildə 2 milyon kvadratmetr alçıpan örtük, 20 min ton gips, 100 min kubmetr məsaməli beton və saatda 12 ton əhəng istehsal ediləcək. Bu, daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, yerli inşaat materiallarının xarici bazarlara çıxarılmasına da imkan yaradacaq.
Əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilirdisə, yeni layihənin reallaşması ilə bu problem aradan qaldırılacaq.
İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün obyektə “Gəmiqaya İnşaat” MMC-nin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunub. Hazırda obyektdə beton, dəmir- konstruksiya işləri aparılır.
Son illərdə muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanda idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələrin sayı artıb.