REGİONLAR


Kerol Meri Krofts: Naxçıvanda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə seçilir

A+ A

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Naxçıvanda yetişdirilən və istehsal edilən qida məhsulları çox keyfiyyətlidir. Burada istənilən məhsul – limondan tutmuş duza qədər hər biri təbiiliyi və keyfiyyəti ilə seçilir. Duzdağ Fizioterapiya Mərkəzi də mənə çox heyrətamiz təsir bağışladı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərə gələn Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts deyib.

Səfir bildirib ki, səfəri Naxçıvan Muxtar Respublikası ilə tanışlıq, eyni zamanda, Böyük Britaniya ilə muxtar respublika arasında əməkdaşlıq imkanlarını öyrənmək məqsədi daşıyırdı. Naxçıvan Dövlət Universitetində olduğunu bildirən Kerol Meri Krofts qeyd edib ki, orada ingilis dilinə böyük marağın şahidi olub: “Kollektivlə görüş zamanı müəllim və tələbələr Britaniya universitetləri ilə ingilis dilində onlayn kursların və ya fənlərin tədrisində birgə əməkdaşlıq təklifini irəli sürdülər”.

Muxtar respublika ilə əməkdaşlıq imkanlarının çox geniş olduğunu bildirən səfir deyib: “Naxçıvan şəhərindəki Biznes Mərkəzində nümayiş etdirilən yerli məhsullarla tanış olduq. Burada inşaat materiallarından tutmuş ərzaq, geyim, mebel məhsullarınadək xeyli sayda istehsal nümunələri var. Eyni zamanda, yerli xalça məmulatlarına da baxdıq. Bu sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaq olar. Bundan əlavə, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq imkanları genişdir. Naxçıvana səfərimiz zamanı rəsmilərlə də görüşlərimiz oldu. Demək istəyirəm ki, bölüşə biləcəyimiz bir çox təcrübə var”.

Naxçıvanın qədim tarixi abidələrinə heyranlığını ifadə edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vurğulayıb ki, muxtar respublikada qonaqpərvərliklə qarşılanıb. “Ən çox yaddaqalan məqam buradakı insanların gülərüzlüyü və bizə xoş münasibəti oldu”, – deyə diplomat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.