REGİONLAR
Kərpic zavodunun istehsal gücü iki dəfə artırılıb
Naxçıvan, 28 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında genişlənən quruculuq tədbirləri “Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi zərurətini yaradıb. Bu məqsədlə hazırlanmış yeni layihəyə uyğun olaraq, zavodda süni qurutma sexi inşa edilib, burada Türkiyə istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılan Kərpic Zavodunda fəaliyyətə başlayan zaman gün ərzində 25 min ədəd kərpic istehsal olunurdusa, yeni layihənin həyata keçirilməsi və daha müasir texnoloji avadanlıqlar alınıb quraşdırılmasından sonra bu göstərici 45-50 min ədədədək artıb.
Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar məhsulun keyfiyyətli istehsal olunmasında mühüm rol oynayır. Zavod xammalın yerləşdiyi ərazidə inşa olunduğundan əlavə daşınma xərci çəkilmir, boşdayanma hallarına yol verilmir. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir, texnoloji proseslərə və məhsulun keyfiyyətinə ciddi əməl olunur.
Zavodda istehsal edilən səsboğucu, radiasiyasız, yayda sərin, qışda isə isti saxlayan keyfiyyətli tikinti materialı kimi kərpicə tələbat ildən-ilə artır. Bu da, təbii ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının və əhalinin maddi rifahının daha da yaxşılaşmasının göstəricisidir.
Zavodun istehsal gücünün artırılması artan tələbatın ödənilməsinə və daxili bazarın keyfiyyətli yerli tikinti materialları ilə təmin edilməsinə əlverişli şərait yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Hazırda müəssisədə 131 nəfər çalışır ki, onlar da yüksək əməkhaqqı alır, xüsusi geyim formaları və servis xidməti ilə təmin olunurlar.