CƏMİYYƏT
Keton içkilər idmançılara göstəriciləri yaxşılaşdırmağa kömək edəcək
Bakı, 30 iyul, AZƏRTAC
AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, hərbçilər üçün nəzərdə tutulan maye qarışıq tezliklə peşəkar və həvəskar idmanda istifadə ediləcək.
Adi metabolizmdə orqanizm karbohidratların və yağların hissələrə ayrılmasından enerji alır. Əgər bu cür maddələr mübadiləsi kifayət deyilsə, ketoz və ya aclıq mərhələsi işə düşür. Bu zaman orqanizm keton əldə edilməsi üçün yağları sərf edir.
Əvvəlcə keton içki hərbçilər üçün yaradılmışdı. O, əsgərlərin fəallığını artırır, yağlar və karbohidratların istifadəsi olmadan onlara əlavə güc verirdi. İndi ketonlardan idman göstəricilərini artırmaq üçün tətbiq etməyi planlaşdırırlar. İlkin məlumatlara görə, içkinin bir porsiyası qaçıcıya 30 dəqiqədə 400 metrdən çox məsafəyə qaçmağa kömək edir.
“Keton kokteyl”inin prinsipi olduqca sadədir. Orqanizm hansısa müddətə karbohidratlardan həzm üçün rahat və səmərəli enerji mənbəyi olan ketonlara keçir. İçki hələ satışda yoxdur. Onun effektivliyini və dinc həyat çərçivəsində təhlükəsizliyini təsdiq etmək üçün əlavə təcrübələr tələb olunur.