İQTİSADİYYAT
Keyfiyyətin idarə edilməsi üzrə təlimlərə başlanılıb
Bakı, 17 mart, AZƏRTAC
Bakıda İqtisadiyyat Nazirliyinin və Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Sənaye sahəsində işləyən mütəxəssislər üçün treninqlərin təşkili" layihəsi çərçivəsində "Sənaye məhsulları üçün İSO:9001 beynəlxalq keyfiyyət standartı" mövzusunda təlimlərə başlanılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək təlimdə sənayenin qida, mebel, yüngül və tikinti sahələrində fəaliyyət göstərən yerli müəssisələrin nümayəndələri iştirak edəcəklər. Treninqdə məhsulun keyfiyyəti, rəqabətqabiliyyətliliyin yüksəldilməsində keyfiyyətin rolu, Keyfiyyət İdarəetmə Sistemi, keyfiyyət standartları və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılacaq.
Qeyd edək ki, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən "Sənaye sahəsində işləyən mütəxəssislər üçün treninqlərin təşkili" layihəsinin məqsədi sənaye müəssisələrində çalışan mütəxəssislərin keyfiyyətin idarə edilməsi sahəsində məlumatlılıq səviyyəsinin artırılması və keyfiyyət standartlarının təşviq edilməsidir.