CƏMİYYƏT
Keyfiyyətsiz məhsullar istehsal edən 51 müəssisənin sahibkarı cərimələnib
Bakı, 25 may, AZƏRTAC
Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 51 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 277, mikrobioloji göstəricilərinə görə 200, toksikoloji göstəricilərinə görə 6 yeyinti məhsulu nümunəsi laboratoriyada müayinə edilib. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6 nümunədə normadan kənara çıxma müəyyən olunub.
Bundan başqa, şadlıq evləri və iaşə müəssisələrindən götürülmüş 925 yaxma və 12 soyuq qəlyanaltı nümunəsi yoxlanılıb. Yoxlama zamanı 8 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.
Aprel ayı ərzində əhali arasında baş vermiş 53 qida zəhərlənməsi hadisəsindən 63 nəfər zərər çəkib. Eyni zamanda, bu müddətdə 1 botulizm hadisəsi baş verib, 3 nəfər zərərçəkən olub.
Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.