ELM VƏ TƏHSİL
Kiberhücumların aşkarlanması metodları araşdırılır
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) elmi seminar keçirilib.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev seminarın kompüter şəbəkələrinə paylanmış xidmətdən imtina hücumlarının (Distributed Denial of Service, DDoS) erkən mərhələdə aşkarlanması problemlərinə həsr olunduğunu söyləyib.
Sonra institutun sektor müdiri Babək Nəbiyevin “DDoS hücumların aşkarlanması üçün klasterizasiya metodunun işlənməsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi DDoS hücumların növləri, həyata keçirilməsi alətləri və qarşısının alınması üsulları haqqında ilkin məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin DDoS hücumların aşkarlanması üçün təklif etdiyi şəbəkə trafikinin klasterizasiyası metodu və əldə etdiyi nəticələr barədə geniş məlumat verib.
B.Nəbiyev yeni metodun bilavasitə DDoS hücumların aşkarlanması metodlarının test edilməsi üçün nəzərdə tutulmuş məşhur DARPA KDD verilənləri bazasında sınaqdan keçirildiyini qeyd edib. Bildirilib ki, sınaq nəticəsində müsbət nəticələr əldə edilib. Məruzəçi bu nəticələrin digər oxşar yanaşmaların nəticələri ilə müqayisəli təhlilini də təqdim edib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.