CƏMİYYƏT
Kiçik Qafqaz bölgəsi çaylarında sululuq artıb
Bakı, 1 avqust, AZƏRTAC
Ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əsasən Kiçik Qafqaz bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-140 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, avqustun 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 116 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 5 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 104 kubmetrdir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr qalxıb.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 372, Salyanda 148, Bankədə 180, Novruzlu məntəqəsində isə 84 santimetrdir.