REGİONLAR
Kiçik Şəmsin sehrli fırçası
Sumqayıt, 2 sentyabr, AZƏRTAC
Sumqayıt Dövlət Rəsm Qalereyasında "Şəhzadə Şəmsin sehrli fırçası" adlı sərgi keçirilib. Sərgidə ümumilikdə 15 rəsm, 5 dekorativ tətbiqi sənət işi təqdim olunub.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, qalereyanın rəsm dərnəyinin üzvü olan azyaşlı rəssam Şəms Şəhzadənin sərgisinin keçirilməsində məqsəd istedadlı körpə fidanlara dəstək olmaq və onların incəsənətə marağını daha da artırmaqdır.
Tədbirdə kiçik rəssamın ailə üzvləri, dostları, şəhər Mədəniyyət Evinin, rəsm dərnəyinin üzvləri iştirak ediblər.
Kiçik rəssam şəhər Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanı ilə təltif olunub.
Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin üzvləri, müğənnilər mahnı sovqatları ilə kiçik rəssamı təbrik ediblər. Həmçinin Kamil Ağazadənin rəhbərliyi ilə rəqs qrupunun ifasında şərq ölkələri rəqsləri maraqla qarşılanıb.