İQTİSADİYYAT
Kiçik və orta sahibkarlığın inkişafı müzakirə edilib
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də “İPƏK YOLU” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “KOS EXPO 2016” sərgisi və “İqtisadi reformalar və universitet-sənaye əməkdaşlığı” adlı konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgi-konfransın əsas məqsədi kiçik və orta sahibkarlığın inkişafını, universitet və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığın gücləndirilməsini, eləcə də ölkədə innovativ mühitin formalaşdırılmasını və inkişafını dəstəkləməkdir.
Tədbirdə çıxış edən “İPƏK YOLU” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov respublikamızda sahibkarlığa dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. Bildirilib ki, son illər qeyri-neft sektorunun inkişafı ilə sahibkarlığa dəstək verilməsi istiqamətində mühüm addımlar atılıb. Əsassız yoxlamaların aradan qaldırılmasını və iş adamlarına güzəştli kreditlərin verilməsini buna bariz nümunə kimi göstərib. Vurğulanıb ki, atılmış addımlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, biznes və investisiya mühitinin yaxşılaşdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra konfrans panellərdə öz işini davam edib.
Konfransda Qafqaz Universiteti tədris işləri üzrə prorektor Cihan Bulutun "İqtisadi reformalar nədir və nəyə görə lazımdır?", İqtisadiyyat Nazirliyinin əməkdaşı Natiq Heydərovun "Azərbaycan Respublikasının iqtisadi inkişaf potensialı, reallıqlar və perspektivlər", Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadənin "Azərbaycanda kənd təsərrüfatının intensiv inkişaf imkanları, reallıqlar və perspektivlər" və iş adamı, “Kutvan Group”un prezidenti Ali Kutvanın "Dünya təcrübəsində iqtisadiyyatın inkişafına intellektual yanaşmaların təsiri və ixrac məhsulları istehsalının təşviqi" mövzularında məruzələri dinlənilib.
Sərgidə 70-ə yaxın şirkət öz məhsullarını nümayiş etdiriblər.