İQTİSADİYYAT
Kiçik və orta sahibkarlıq subyektlərində yoxlamalar təkmilləşdiriləcək
Bakı, 1 mart, AZƏRTAC
Vergilər Nazirliyində risklərin avtomatik emal edilməsinə, təhlilinə və vergiödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risklərin qiymətləndirilməsi sistemi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov bildirib.
Nazirin sözlərinə görə, yerli strukturlar, ümumiyyətlə, öz qərarları əsasında vergi nəzarəti tədbirləri keçirməyəcək. Aşağı risk qrupları üçün vergiödəyicilərinin hesablarına sərəncam qoyulması, ölkədən çıxışlarına məhdudiyyətlərin müəyyən edilməsi məhdudlaşdırılacaq, KOS (kiçik və orta sahibkarlıq) subyektlərində yoxlamalar təkmilləşdiriləcək.
Fazil Məmmədov əlavə edib ki, bununla da, ilk növbədə, KOS subyektlərində yoxlamaların risk dərəcəsi əsasında aparılması prinsiplərinin tətbiqi genişləndiriləcək, yoxlamaların sayı optimallaşdırılacaq.
KOS subyektlərində səyyar yoxlamaların sayı məhdudlaşdırılacaq və elektron yoxlama metodu tətbiq ediləcək. Operativ vergi nəzarəti prosesi təkmilləşdirilərək yeni qaydalara uyğun, daha sivil formada aparılacaq. İKT sahəsində yeni innovativ texnologiyaların tətbiqi sayəsində ƏDV-nin qaytarılması prosesi sürətləndiriləcək.