İDMAN
Kikboksinq üzrə Azərbaycan milli komandası Avropa birinciliyində səkkiz medal qazanıb
Bakı, 31 avqust, AZƏRTAC
İspaniyanın San-Sebastian şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər və yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycan milli komandası uğurla iştirak edib.
Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandamız yarışda 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.
Komandamızın heyətində Çingiz Əhmədzadə (51 kq, loukik, “Neftçi”) və Zöhrab Əzimov (60 kq, loukik, DİN) qızıl, Elmir Süleymanov (71 kq, ful kontakt, “Neftçi”) isə gümüş medala sahib olublar. Bürünc medallara isə Kamran Bayramov (60 kq, ful kontakt, “Neftçi”), Elvin Məhərrəmov (71 kq, ful kontakt, “Neftçi”), Qiyas Şahmərdanov (54 kq, loukik, “Neftçi”), Nicat Nəcəfzadə (45 kq, K-1, “Neftçi”) Nəcməddin Məmmədzadə (51 kq, K-1, “Neftçi”) layiq görülüblər.
Milli komandamıza ümumi rəhbərliyi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev edib.
San-Sebastianda Avropa birinciliyi ilk dəfə olaraq İspaniya-Azərbaycan Ticarət Assosiasiyasının (ACAE) təşkilati dəstəyi ilə keçirilib.