REGİONLAR
Kikboksinq üzrə Azərbaycan milli komandasının üzvləri beynəlxalq turnirin qalibi olub
Qazax, 24 iyul, Famil Quliyev, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və "Qazax” Süd Məhsullarının təşkilatı dəstəyi ilə ulu öndər Heydər Əliyev kuboku uğrunda növbəti kikboksinq turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan və Azərbaycan kikboksçularını bir araya gətirən və Qazax Olimpiya Kompleksində baş tutan beynəlxalq turnirin qalibləri mükafatlandırılıb.
Komandamızın baş məşqçisi Elşən Abdulrəhmanov bildirib ki, yarışmaya 60 kiloqram çəki dərəcəsində qatılan Zöhrab Əzimov Gürcüstan idmançısı Tomike Tortladzeyə nokautla, 63,5 kiloqram çəki dərəcəsində yarışan Ruslan Əliyev rəqibi Georgo Goxoşviliyə texniki nokautla, 67 kiloqram çəki dərəcəsində Arzuman Qədimov rəqibi Lekso Gamkaralidzeyə nokautla, 71 kiloqram çəki dərəcəsində Ramal Aslanov rəqibi Viktor Kutubidzeyə xal hesabı, 75 kiloqram çəki dərəcəsində Emil Mövsümzadə rəqibi Otari Goqoberaşviliyə xal hesabı, 81 kiloqram çəki dərəcəsində Ehtiram Rzayev rəqibi Dima Mikavaya ilk raundda texniki nokautla, 94 kiloqram çəki dərəcəsində Bəhram Rəcəbzadə rəqibi Mamuka Shoniya xal hesabı ilə qalib gəlib. Kikboksinq üzrə Azərbaycan milli komandasının üzvləri yeddi çəki dərəcəsi üzrə keçirilən yarışmanın qalibi olub.
Kuboku qaliblərə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Fuad Muradov və Kamran Nəbizadə təqdim ediblər.