REGİONLAR
Kikboksinq üzrə Bərdə rayon birinciliyinin qalibləri məlum olub
Bərdə, 14 iyun, AZƏRTAC
Bərdə rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş kikboksinq üzrə kadetlər, yeniyetmələr və gənclər arasında keçirilən rayon birinciliyinin qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bərdə şəhərindəki Heydər Əliyev adına istirahət parkında keçirilən yarışda 6 çəki dərəcəsində 35 idmançı iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxış edərək, Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, 1993-cü il iyunun 15-də ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Bildirib ki, dahi rəhbərin hakimiyyəti illərində ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müstəqil Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı.
Qeyd olunub ki, Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bayrağı mötəbər beynəlxalq yarışlarda ən yüksəklərdə dalğalanır. Artıq Azərbaycan dünya səviyyəli idman yarışlarına ev sahibliyi edir. “Formula-1”, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi buna bariz nümunədir.
Birincilik yarışın baş hakimi Ədalət Əsədovun rəhbərliyi ilə 4 nəfərdən ibarət hakimlər heyəti tərəfindən idarə edilib.
Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri müvafiq dərəcəli diplomlarla təltif olunublar.