ELM VƏ TƏHSİL
Kimyaçı alimlər şagirdlərə ustad dərsləri keçəcəklər
Bakı, 26 may, AZƏRTAC
Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovla görüş təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kimya elminə əvəzsiz töhfələr vermiş görkəmli alim Vaqif Abbasovun həyat və elmi fəaliyyəti, bədii yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Məktəblilər alimə həsr olunmuş xüsusi proqram təqdim ediblər. Sonra Vaqif Abbasov şagirdlərlə söhbət edib, onlarla fikirlərini bölüşüb.
Tədbirdə Neft-Kimya Prosesləri İnstitutu ilə 3 nömrəli tam orta məktəb arasında əməkdaşlıq müqaviləsinin bağlanması razılaşdırılıb. Eyni zamanda, şagirdlərin Neft-Kimya Prosesləri İnstitutunda təcrübə keçmələri, institutun alimlərinin 3 nömrəli tam orta məktəbdə ustad dərsləri keçmələri, eləcə də institut tərəfindən məktəbin kimya laboratoriyasının lazımi reaktivlərlə təmin olunması barədə razılıq əldə olunub.
Qeyd edək ki, görüş 2016-2017-ci tədris ilinin Fəaliyyət Planının 1.3.6. bəndinə uyğun olaraq məktəblilərin mütaliə vərdişlərini təkmilləşdirmək məqsədilə həyat keçirilən “İmzalı görüş” layihəsi çərçivəsində reallaşıb.