İDMAN


Kirsan İlyumjinov: Bakıdakı turnir FIDE-yə rəhbərlik etdiyim dövrdə təşkil olunan ən yaxşı olimpiadadır

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının və FIDE-nin konqresinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. İlk növbədə, Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkür edirəm. Dörd il əvvəl FIDE-nin üzvləri olimpiadanın Bakıda keçirilməsinə yekdilliklə səs vermişdilər. Azərbaycan bu etimadı artıqlaması ilə doğruldub. Bu, FIDE-nin tarixində ən yaddaqalan olimpiadalardan biri, bəlkə də birincisidir. Təşkilatçılıq çox yüksək səviyyədədir. Qonaqların gəlişi, qarşılanması, otellərdə yerləşdirilməsi, qidalanma, yarış zalı, jurnalistlərin iş otağı ən yüksək səviyyədə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov sentyabrın 3-də təşkil etdiyi mətbuat konfransında deyib.

Bakı Şahmat Olimpiadasının yüksək təşkilatçılığının Azərbaycan dövlətinin dəstəyi sayəsində mümkün olduğunu vurğulayan K.İlyumjinov deyib: “Bu, mənim FIDE-yə rəhbərlik etdiyim dövrdə təşkil olunan sayca 11-ci olimpiadadır. Bakıdakı turnir 11 olimpiada arasında ən yaxşısıdır. FIDE rəsmiləri, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi, hökumət rəhbərlərinin birgə əməyi nəticəsində olimpiada ən yüksək səviyyədə təşkil edilib”.

FIDE rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Olimpiadaya göstərdiyi marağın əhəmiyyətini xüsusi qeyd edərək deyib: “Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı, Olimpiadada ilk gedişi etməsi FIDE rəsmiləri üçün çox xoş idi. Dövlət başçısının Olimpiadaya marağı təkcə Azərbaycan üçün yox, dünya şahmatı üçün də böyük təbliğatdır. Bakı Olimpiadası iştirakçıların sayına görə rekorda imza atıb. Olimpiadada 176 ölkənin nümayəndələri yarışır. İdmançıların səviyyəsi də olduqca yüksəkdir. Olimpiadada 273 kişi, 88 qadın olmaqla ümumilikdə 361 qrossmeyster, eləcə də 300 beynəlxalq dərəcəli usta mübarizə aparır. Bakıda hazırkı dünya çempionları - Maqnus Karlsen və Hou Yifan da iştirak edirlər. Keçmiş dünya çempionlarının da sayı kifayət qədərdir”.

K.İlyumjinov Bakıda keçiriləcək FIDE konqresində bir çox vacib qərarların qəbul ediləcəyini diqqətə çatdırıb. O, konqresdə bir çox məsələlərin müzakirə olunacağını qeyd edib. FIDE prezidenti, həmçinin konqresdə şahmatın inkişafı istiqamətində mühüm addımların atılacağına əminliyini bildirib.

FIDE rəhbəri Olimpiadanın yüksək səviyyədə təşkilində yarışın Təşkilat və Əməliyyat komitələrinin rolunu vurğulayaraq deyib: “Olimpiadanın yüksək səviyyədə təşkili üçün Təşkilat və Əməliyyat komitələri böyük iş görüblər. Onların əməyini mütləq qeyd etmək lazımdır. Bilirəm ki, Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov hazırlıq prosesi ilə hər gün ciddi şəkildə maraqlanırdı. Bir sözlə, Olimpiadanın ən yüksək səviyyədə baş tutması üçün lazım olan bütün işlər görülüb. Eyni zamanda, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin fəaliyyətini vurğulamaq lazımdır. İdeal şərait yaradılıb. İndi şahmatçılara yalnız oynamaq qalır”.

Azərbaycanın gələcəkdə də ən böyük şahmat yarışlarına ev sahibliyi edə biləcəyini diqqətə çatdıran K.İlyumjinov deyib: “Qonaqlar Bakıda özlərini çox rahat hiss edirlər. FIDE rəsmiləri hər zaman Bakıda olmağa hazırdırlar. Bizi burada çox yaxşı qarşılayırlar. İstənilən şahmatçıdan soruşsanız, Bakının ən böyük yarışlara ev sahibliyi etməsinə ürəkdən razı olacaq. Bu barədə müzakirələrimiz olub. Gələcəkdə uşaqlar arasında Olimpiadanı Bakıda təşkil edə bilərik”.

K.İlyumjinov Olimpiadada hansı komandaya azarkeşlik etməsi ilə bağlı suala cavabında bildirib: “Mən Rusiya vətəndaşıyam. Digər tərəfdən də biz Azərbaycanda qonağıq. Azərbaycana necə azarkeşlik etməyək? Bir tərəfdən Rusiyanın, digər tərəfdən Azərbaycanın qələbə qazanmasını istərdim. Qonaq komandaların üzvləri mənə yaxınlaşaraq müxtəlif suallar verirlər. Onlara da dəstək olmaq lazımdır. FIDE-nin üzvü olan bütün ölkələrə azarkeşlik edəcəyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.