İDMAN
Kişi tennisçilərin yarışında Özbəkistan millisi bürünc medala sahib olub
Bakı, 15 may, Elvin Camalov, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında tennis yarışının bürünc medalına Özbəkistan millisi sahib olub.
AZƏRTAC xəbər verir ki, üçüncü yer uğrunda Qətər və Özbəkistan millilərinin görüşü gərgin idman mübarizəsi şəraitində keçib. Birinci fərdi oyunda Özbəkistan idmançısı Saidali Saidkarimov Qətər təmsilçisi Abdullah Al Harrasa qalib gəlib. İkinci görüşdə isə qətərli Zayed Mübarak Şannan Özbəkistan yığmasının üzvü Sergey Fomin üzərində qələbə qazanıb. Fərdi görüşlərdə hesab bərabər olduğu üçün qalib cütlüklərin yarışında müəyyənləşib. Zayed Mübarak Şannan-Zayed Mousa Şannan dueti Saidali Saidkarimov-Amal Sultanbekov cütlüyünə məğlub olub.
Beləliklə, Özbəkistanın kişilərdən ibarət milli komandası üçüncü yer uğrunda qarşılaşmada qalib gələrək İslamiadanın bürünc medalını qazanıb.
Kişilər arasında tennis yarışının finalında Türkiyə və Pakistan milliləri mübarizə aparacaq.