İDMAN
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yoldaşlıq oyunu keçirib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzində Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən AVF-nin baş katibi Elşən İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb.
Bildirib ki, bu il ölkəmiz “Bakı-2015” ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Yarışda Avropanın ən güclü voleybol və çimərlik voleybolu komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Artıq Avropa Oyunlarında komandaların mübarizə aparacağı qruplar müəyyənləşib. Ümid edirəm ki, komandalarımız azarkeşlər qarşısında uğurla çıxış edib mükafatçılar sırasında yer alacaq.
Sonra gənc gimnastların maraqlı çıxışı olub və “Azərreyl”, “Azəryol” və “Lokomotiv” klublarının yeniyetmələri arasında estafet yarışları təşkil olunub.
Sonda voleybol üzrə kişilərdən ibarət milli komandamız öz arasında yoldaşlıq görüşü keçirib və ilk hissə azarkeşlərin daha çox marağına səbəb olub. İlk dəfə olaraq idmansevərlər qaydasız voleybolu seyr ediblər.