REGİONLAR


Kislovodsk və Qəbələ arasında əməkdaşlıq əlaqələri inkişaf etdirilir VİDEO

A+ A

Qəbələ, 2 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Rusiyanın Kislovodsk şəhərinin meri Aleksandr Kurbatovun başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən qarşılanan qonaqlara rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Qəbələnin keçmişi də təbiəti qədər zəngindir və Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Görüşdə qədim Qəbələ şəhərinin bu günədək gəlib çatan qala divarının qalıqları və ərazidə aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Qəbələ turizm bölgəsi olmaqla yanaşı, həm də beynəlxalq əhəmiyyətli mədəniyyət, incəsənət tədbirlərinə, idman yarışlarına ev sahibliyi edir.

Kurort şəhəri olan Kislovodskun meri Aleksandr Kurbatov qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Kislovodsk və Qəbələ arasında oxşar cəhətlərdən söz açaraq, bu bölgədə təbiətin bəxş etdiyi füsunkar gözəlliklərin canlı şahidi olduğunu diqqətə çatdırıb. Mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin davam etdirilməsindən danışan Aleksandr Kurbatov bunun Kislovodsk və Qəbələ şəhərləri arasında iqtisadi inkişafa təkan verəcəyini qeyd edib.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri rayon icra hakimiyyətinin inzibati binasına baxış keçirib, Qəbələdə fəaliyyət göstərən sənaye müəssisələri, müasir memarlıq üslubunda inşa olunan inzibati binalar və turizm obyektləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, noyabrın 1-də Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Stavropol vilayətinin Kislovodsk kurort şəhəri Administrasiyası arasında əməkdaşlığa və qardaşlaşmaya dair Saziş imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.