REGİONLAR
“Kitab müzakirəsi klubu”nda 200-dək balakənli gənc iştirak edib
Balakən, 31 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda keçən ilin noyabrında “Hobbimiz kitab oxumaqdır!” devizi ilə start verilən “Kitab müzakirəsi klubu” layihəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihənin əsas məqsədi rayon gənclərinin kitab oxumağa marağını artırmaq, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, habelə gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini təmin etməkdir.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində əvvəlcə sosial şəbəkələr və elanlar vasitəsilə rayon gənclərinə müzakirə ediləcək kitab barədə məlumat verilib. Sonra Gənclər evində müzakirələr təşkil olunub. Müzakirələrdə iştirak edən gənclər müəllif və kitab barədə fikirlərini paylaşıblar. Kitab müzakirələrində fəallıq göstərən gənclər diplomlarla mükafatlandırılıblar.
Üç ay davam edən layihə çərçivəsində Anarın “Ağ qoç, qara qoç”, ingilis yazıçısı E.S.Tompsonun “Tito” və amerikalı yazıçı E.Heminqueyin “Qoca və dəniz” əsərləri müzakirəyə çıxarılıb. Müzakirələrdə 200-dək balakənli gənc iştirak edib.
Kitab Müzakirəsi Klubunun fəaliyyətinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Balakənin gənc yazarlarının tanıdılması məqsədilə klubun fəaliyyət planına onların əsərlərinin müzakirəsi və imza gününün keçirilməsi də daxil ediləcək.