REGİONLAR
“Kitabi-Dədə Qorqud” dastanı xalqımızın milli mənəvi sərvətidir
Balakən, 30 sentyabr, AZƏRTAC
Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş “Dədə Qorqud dastanının dünəni və bu günü” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət işçilərinin, ziyalıların iştirak etdikləri tədbirdə Azərbaycan xalqının milli mənəvi sərvəti hesab olunan, hər bir azərbaycanlının sevə-sevə oxuduğu “Kitabi-Dədə Qorqud” dastanında xalqımızın keçmiş həyat tərzinin, məişətinin, adət-ənənələrinin geniş əks olunduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, dastanın alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və elm aləminə tanıdılmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il fevralın 20-də Sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq hazırda rayonun idarə və müəssisələrində silsilə tədbirlər həyata keçirilir.
“Dəyirmi masa”da “Kitabi-Dədə Qorqud” dastanı barədə məruzə dinlənilib, çıxışlar olub. Vurğulanıb ki, Dədə Qorqud irsinin dərindən öyrənilməsində, təbliğində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var.
Sonda tədbir iştirakçıları “Dədə Qorqud” bədii filmini seyr ediblər.