ELM VƏ TƏHSİL
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk nəşrinin 200 illiyi münasibətilə rəsm sərgisi
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Dövlət Rəssamlıq Akademiyasında "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə rəsm sərgisi təşkil edib.
Tədbir Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq reallaşdırılıb.
Sərginin açılış mərasimində Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Prezident İlham Əliyevin elmə, təhsilə, mədəniyyətə daim böyük önəm verdiyini vurğulayıb.
Bilik Fondunun fəaliyyətindən danışan O.Səmədov dövlətimizin başçısının müvafiq Sərəncamına uyğun olaraq qurum tərəfindən silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Eyni zamanda, sərgi barədə məlumat verilib. Qeyd olunub ki, sərgidə respublikanın müxtəlif bölgələrindən olan məktəblilərin "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında çəkdikləri 120-dək rəsm və əl işləri nümayiş etdirilir.
Gənc rəssamlara Bilik Fondu tərəfindən təşəkkürnamə təqdim edilib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.