SİYASƏT
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
Kiyev, 26 dekabr, AZƏRTAC
Dekabrın 25-də Ukrayna paytaxtında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təntənəli tədbir keçirilib. Tədbir Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Birliyinin prezidenti Oleq Krapivin tərəfindən təşkil olunub.
Oleq Krapivin həmvətənlərimizi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev SSRİ və Azərbaycanın sərbəst güləş üzrə Əməkdar İdman Ustası, Azərbaycanın Əməkdar Məşqçisi Oleq Krapivini Prezident İlham Əliyev tərəfindən ona “Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adının verilməsi münasibətilə təbrik edib. Diplomat O.Krapivinin Ukraynada Azərbaycan diasporunun birləşməsinə və strukturlaşmasına böyük şəxsi töhfəsini də qeyd edib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədovun xanımı Valentina Əsədova, Ukraynada Azərbaycan diasporunu yaradanlardan biri Akif Gülməmmədov, UAK-ın sabiq sədri İlqar Abbasov, tərcümə mərkəzinin rəhbəri Mehman Salmanov da səmimi təbrikləri bölüşüblər.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, diasporumuzun, eləcə də Ukraynada digər milli icmaların rəhbərləri və fəalları, işgüzar dairələrin, yaradıcı və elmi ziyalıların nümayəndələri, aparıcı Ukrayna və Azərbaycan KİV-lərinin jurnalistləri iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev