SİYASƏT


Kiyevdə Türk Şurasının iclası keçirilib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) daxil olan ölkələrin Ukraynanın paytaxtı Kiyevdə yerləşən Diaspor Regional Mərkəzində qurumun panel iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, “Türkdilli diasporlar arasında əməkdaşlığın genişləndirilməsində Türk Şurasının rolu” mövzusuna həsr edilən iclas TDƏŞ-in baş katibi Ramil Həsənovun sədrliyi ilə keçib.

İclasda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Türkiyənin səfiri Yönet Can Tezel, Qazaxıstanın səfiri Samat Ordabayev, Türk Şurasının Kiyev Regional Diaspor Mərkəzinin koordinatoru Hikmət Cavadov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Türk Şurasının Diaspor Təmas Qrupunun təmsilçiləri və Ukraynada yaşayan türkdilli diasporların nümayəndələri iştirak ediblər.

İclasda ilk çıxış edən Türk Şurasının baş katibi Ramil Həsənov Şura və onun fəaliyyəti, indiyədək diaspor sahəsində görülən işlər barədə məlumat verib. Dövlət başçılarının hər zaman türk xalqları arasında birliyin möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini qeyd edən R.Həsənov Türk Şurasının Kiyev Regional Diaspor Mərkəzinin təşəbbüsü ilə 2015-ci ildə Kiyevdə Türkiyənin terrora qarşı mübarizəsinə dəstək göstərmək məqsədilə “Terrora yox” yürüşünün təşkil edildiyini xatırladıb. Şuranın baş katibi, həmçinin 2015-ci ildə ABŞ-da keçirilən türkdilli diasporların təmsilçilərinin toplantısı, Nyu-Yorkda Türk Günü Festivalında Türk Şurası bayrağının ucaldılması, Türk Şurası nəzdində Diaspor İşləri üzrə Təmas Qrupunun 2016-cı il mayın 3-də Almatıda baş tutan 3-cü toplantısı və burada qəbul edilən qərarlar, eləcə 2016-2017-ci illər üçün Türk Şurası diasporunun ortaq fəaliyyət planının hazırlanması, yaxın gələcəkdə Almaniya, Fransa, ABŞ-da Regional Diaspor mərkəzlərinin açılması məsələlərinə toxunub.

R.Həsənov diasporlarımızın türkdilli dövlət və xalqların mədəniyyətinin, dəyərlərinin tanıdılması, müsbət imicinin formalaşdırılması, sosial və siyasi fəallığının artırılması, onların yaşadıqları ölkələrdə maraqlarının qorunması, türk dünyasının əleyhinə aparılan təbliğat kampaniyalarına qarşı mübarizə, türk xalqlarının qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli addımlar atacağını bildirib.

Toplantıda səfirlər Azər Xudiyev, Yönet Can Tezel, Samat Ordabayev və diaspor təmsilçiləri çıxış edərək diasporlar arasında koordinasiyanın təmin edilməsinin önəmini vurğulayıblar. Türkdilli diasporların Ukraynada dəyişən şəraitə uyğunlaşmasını təmin etmək və yeni şərtlər çərçivəsində daha təsirli diaspor təşkilatlanmasını yaratmaq məqsədilə ortaq seminar keçirilməsi təklif olunub, qısa zaman ərzində bu seminarın təşkil edilməsi qərara alınıb.

“Türkdilli diasporlar arasında əməkdaşlığın genişləndirilməsində Türk Şurasının rolu” mövzusuna həsr edilən iclasda 60-a yaxın nümayəndə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.