MƏDƏNİYYƏT


Kiyevdə Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş simfonik konsert keçirilib

Bakı, 11 may, AZƏRTAC

Kiyev şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş simfonik konsert keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a daxil olan məlumatda qeyd olunub ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə tər çiçəklər düzüb, Ulu Öndərin parlaq xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra Ukrayna Milli Filarmoniyasının böyük konsert salonunda Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş simfonik konsert keçirilib. Ukraynanın dövlət və hökumət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, xarici diplomatik korpus rəhbərlərinin və diaspora fəallarının iştirak etdiyi gecədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edib, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Onun müdrik dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan səfir Azərbaycan ilə Ukrayna arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında Ulu Öndərin misilsiz xidmətlərindən bəhs edib.

Rəsmi hissədən sonra Azərbaycanın Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu və Ukrayna Milli Akademik Simfonik orkestrinin ifasında Fikrət Əmirovun əsərlərindən ibarət maraqlı konsert proqramı olub.

Ulu Öndərin parlaq xatirəsinə işıq saçan gecədə simfonik orkestrin müşayiəti ilə Xalq Artisti Fərhad Bədəlbəylinin ifasında pianinoda səsləndirilən “Azərbaycan kapriççiosu”, “Ərəb mövzusunda fortepiano üçün konsert” və digər Azərbaycan klassiklərinin əsərləri ukraynalı musiqisevərlər tərəfindən böyük alqışlarla qarşılanıb.

Onu da qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə mayın 12-də Kiyev şəhərindəki Heydər Əliyev adına parkda Ulu Öndərin xatirəsinə həsr olunmuş birinci etno-caz festivalı, mayın 18-də isə Borispol Hava Limaninda Azərbaycanın qədim və zəngin mədəniyyətini özündə əks etdirən gecə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.