QAN YADDAŞI
Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tamaşa təqdim edilib
Kiyev, 3 mart, AZƏRTAC
Ukraynanın Azərbaycanlı Gənclər İttifaqı (UAGİ) Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Kiyevdə yaradıcılıq gecəsi keçirib. Gecədə Ukrayna və Azərbaycan dillərində “Xalqın səsi” tamaşası təqdim olunub.
Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası və UAGİ-nin Ukraynada elan etdiyi “Xocalı ayı” çərçivəsində keçirilib.
Tamaşadan əvvəl UAGİ-nin sədri İlham Allahverdiyev, Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzayev, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin (UABK) sədri, Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev, Ukraynanın Xalq Artisti Qurban Abbasov və başqaları azərbaycanlıların soyqırımı tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıblar.
Səməd Vurğun adına kitabxananın müdiri, Bakı Beynəlxalq Humanitar Forumunun nümayəndəsi Qalina Çebotaryova, Ukrayna Gənclər Hərəkatının fəalı Yan Konotopenko, Ukrayna Gəncləri Forumunun baş katibi Mariya Zvariç və başqaları çıxışlarında Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər.
Sonra səhnə UAGİ-nin özfəaliyyət kollektivinin ixtiyarına verilib. Kollektiv “Xalqın səsi” tamaşasını təqdim edib.
Tədbirin sonunda UAGİ-nin sədri baş rejissor Dmitri Qusakova və tamaşanın bütün iştirakçılarına təşəkkür edib.
Tədbirdə geniş tamaşaçı auditoriyasının diqqətini Xocalı qırğınına cəlb etmək üçün UAGİ tərəfindən rus, Azərbaycan və Ukrayna dillərində subtitrlər ilə hazırlanmış “Məgər bu, ədalətlidir? Xocalıya ədalət!” videoçarxı nümayiş etdirilib. Videoçarxın ssenari müəllifi Nataliya Sukaç, rejissoru Nataliya Pyatiginadır.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev