CƏMİYYƏT
Kiyevdə akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəz tərəfindən həkimlər üçün işlənib hazırlanmış tədris proqramı təsdiq edilib
Kiyev, 22 dekabr, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəz tərəfindən həkimlər üçün işlənib hazırlanmış, dünya standartlarına müvafiq tədris proqramı Ukrayna paytaxtındakı P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının Elmi Şurasının qərarı ilə təsdiq edilib.
Elmi Şuranın həmin qərarına əsasən, Ukrayna Elmi-Tədris İnfeksion Nəzarət Mərkəzi yaradılıb. Mərkəzin rəhbəri vəzifəsinə professor Aydın Salmanov seçilib. Bu Mərkəzdə həkimlərin təhsilində akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin və P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının müəllimləri iştirak edəcəklər.
Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, həmvətənimiz, tibb elmləri doktoru, professor Aydın Salmanov AZƏRTAC-a müsahibəsində əmin olduğunu bildirib ki, Kiyevdə həkimlər üçün tədris kursu Avropa İttifaqının tələblərinə riayət edilməklə yüksək səviyyədə keçəcəkdir.
Professor qeyd edib ki, bu tədris kursu səhiyyə işinin təşkilatçıları, infeksion nəzarət üzrə mütəxəssislər, hospital epidemioloqları, müxtəlif ixtisaslar üzrə həkimlər, mikrobioloqlar, klinik farmakoloqlar, mamalar, tibb bacıları, habelə I-lV dövlət akkreditasiya səviyyəli tibbi profilli orta və ali təhsil müəssisələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
A.Salmanov vurğulayıb ki, kurslarda tibbi xidmətlər göstərilməsi zamanı pasiyentlərin və tibbi heyətin infeksion təhlükəsizliyinin təmin edilməsi və tibb müəssisələrində infeksion nəzarət sisteminin tətbiq edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq, xəstəxanadaxili infeksiyaların profilaktikasına dair tövsiyələr veriləcək, tibbi yardımın, xəstələrə sübut təbabəti prinsiplərinə əsaslanan qulluq göstərilməsinin epidemioloji baxımdan təhlükəsiz standartları və alqoritmləri nəzərdən keçiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev