ELM VƏ TƏHSİL
Kiyevdə akademik Zərifə Əliyevaya həsr edilmiş kitabın təqdimatı olub
Kiyev, 28 aprel, AZƏRTAC
Kiyevdə “Ukrayna qanunvericiliyinin səhiyyə sahəsində Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması: infeksion nəzarət və mikrob əleyhinə rezistentlik” mövzusunda ikigünlük Beynəlxalq elmi-praktiki simpozium başa çatıb.
Bu beynəlxalq forum çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın aprelin 28-də qeyd olunan doğum günü münasibətilə ona həsr edilmiş kitabın - ali məktəblər üçün dərsliyin təqdimatı olub.
Kitabın müəllifi həmvətənimiz, Ukraynada akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, Ümumukrayna İnfeksion Nəzarət və Mikrob əleyhinə Rezistentlik Assosiasiyasının rəhbəri, Ukraynanın İnfeksion Nəzarət (UCIC) və Mikrob əleyhinə Rezistentlik (UCAST) üzrə Milli Komitəsinin başçısı, Ukraynanın Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosu yanında milli əlaqələndiricisi, Avropanın Mikrob əleyhinə Rezistentlik üzrə Baş Komitəsinin (EUCAST) üzvü, P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının (DTMTA) mikrobiologiya, epidemiologiya və infeksion nəzarət kafedrasının müdiri, tibb elmləri doktoru Aydın Salmanovdur.
Qeyd edək ki, professor akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunmuş, Ukraynada və Avropa İttifaqı ölkələrində baş tutan elmi forumlarda təqdimatı keçirilmiş daha on kitabın müəllifidir.
A.Salmanov AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, simpoziumun təşkilatçıları Ümumukrayna İnfeksion Nəzarət və Mikrob əleyhinə Rezistentlik Assosiasiyasi, akademik Z.Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəz, DTMTA, UCAST və UCIC-dir.
Professor deyib ki, elmi-praktiki simpozium müasir interaktiv və telekommunikasiya texnologiyaları cəlb olunmaqla, Kiyev, Odessa, Xarkov, Dnepropetrovsk, Lvov, Tbilisi, Minsk, Karaqanda (Qazaxıstan) şəhərləri ilə telekörpü formatında keçirilib.
Simpoziumda müxtəlif ixtisaslardan olan 1200-dən çox həkim, DST-nin, Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Milli Tibb Elmləri Akademiyasının, Ukrayna Dövlət Sanitariya-Epidemiologiya Xidmətinin nümayəndələri, Ukrayna, Azərbaycan, Belarus, Gürcüstan, Avropa İttifaqı ölkələri və Qazaxıstandan aparıcı alimlər iştirak ediblər.
Xatırladaq ki, professor Aydın Salmanov pasiyentin təhlükəsizliyinə dair Ukrayna Milli Konsepsiyasının, üç qanunun, Ukrayna Səhiyyə Nazirliyinin 37 normativ-hüquqi aktının, 350-dən çox elmi işin, o cümlədən 22 monoqrafiyanın, üç dərsliyin və tibb profilli ali məktəb tələbələri üçün bir tədris vəsaitinin müəllifidir. O, elm, təhsil və səhiyyənin inkişafına sanballı töhfəsinə görə Ukrayna Nazirlər Kabinetinin, Ukrayna Səhiyyə Nazirliyinin və Azərbaycanın Ukraynadakı səfirliyinin fəxri fərmanlarına layiq görülüb.
Zeynal Ağazadə
AZƏRTAC-IN xüsusi müxbiri
Kiyev