SİYASƏT


Kiyevin mərkəzində azərbaycanlıların həmrəylik bayramı

Kiyev, 31 dekabr, AZƏRTAC 

Dekabrın 30-da şaxtalı Kiyev axşamında azərbaycanlı diplomatlar və ailə üzvləri, diaspor və gənclər təşkilatlarımızın rəhbərləri, fəallar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmək üçün Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə toplaşıblar.

Tədbir Azərbaycan səfirliyi və Ukrayna Azərbaycanlı Gəncləri Birliyi tərəfindən təşkil edilib.

Bayram axşamının iştirakçıları əllərində Azərbaycanın Dövlət Bayrağını tutub, ümummilli lider Heydər Əliyevin abidəsi önünə şamlardan ibarət “Ulu Öndər + həmrəylik” yazısını qoyublar.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev tədbirin rəsmi hissəsini açaraq həmvətənləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. Diplomat vurğulayıb ki, ulu öndər Heydər Əliyev təkcə müstəqil Azərbaycanın yaradıcısı deyil, həm də tarixi Vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlıları sıx birləşməyə çağıran güclü Azərbaycan diasporunun yaradılmasının təşəbbüskarı olub. Bu məqsədlə millətin həmrəylik siyasətini dövlət səviyyəsinə qaldıran Heydər Əliyevin təşəbbüsü ilə xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması, həmvətənlərlə sistemli işin aparılması istiqamətində aidiyyəti qurum yaradılıb. A.Xudiyev vurğulayıb ki, bu siyasət dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Sonra tədbir iştirakçıları səmaya rəngbərəng şarlar buraxıblar. Gecənin səması lazer instalyasiyaları ilə əlvan rəngə boyanıb. Ukraynanın Xalq Artisti Qurban Abbasovun ifasında “Azərbaycan” mahnısının sədaları ətrafa yayılıb.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.