ELM VƏ TƏHSİL
“Klassisizm: tarix və əhəmiyyəti” mövzusunda elmi-praktik seminar
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən “Klassisizm: tarix və əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Fərəh Əliyeva bu tədbirin tələbələrin elmi potensialının inkişafında əhəmiyyətini vurğulayıb, onlara gələcək yaradıcılıq işlərində uğurlar arzulayıb.
Əməkdar İncəsənət Xadimi, dosent Kamilə Dadaşzadə musiqidə klassisizmin daha çox opera janrında büruzə verdiyini söyləyib, Fransa və İtaliya mədəniyyətində lirik faciədən, operaseriyadan söz açıb. O, Vyana klassik məktəbinin nümayəndələrindən Y.Haydn, V.Motsart və L.Bethovenin yaradıcılığının klassisizm tələblərinə uyğun gəldiyini vurğulayıb.
Tədbirdə universitetin tələbələrinin “Klassisizm dövrünün ümumi səciyyəsi”, “Y.Haydn musiqi klassisizmin banisi kimi”, “V.A.Mosartın yaradıcılığı klassisizm dövrünün təzahürü kimi”, “Bethovenin yaradıcılığında patetik modusunun təzahürünə dair” və “Klassisizm və teatr” mövzularında mühazirələri dinlənilib.
Sonda ADMİU-nun musiqi sənəti fakültəsinin tələbələri dünya klassiklərinin əsərlərini ifa ediblər.