SİYASƏT
Klaypedada Azərbaycan şəhərləri ilə qardaşlaşma əlaqələrinin qurulması məsələsi müzakirə olunub
Vilnüs, 14 sentyabr, AZƏRTAC
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə və bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənovun rəhbərliyi ilə bir qrup bələdiyyə sədrləri - Səbail rayon bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov, Sumqayıt rayon bələdiyyəsinin sədri Sultan Əsədov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev, Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova Klaypeda şəhərində olublar.
Səfər zamanı nümayəndə heyəti Klaypeda şəhər meri ilə görüşüb, Klaypeda Dəniz Limanı ilə tanış olublar.
Klaypeda şəhər meri Vitautas Qrubliauskas ilə görüşdə Azərbaycan və Litva arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, eləcə də Klaypedanın Azərbaycanın şəhərlərindən biri ilə qardaşlıq əlaqələrinin qurulması, Klaypeda şəhərində təşkil olunan mədəniyyət və incəsənət festivallarında Azərbaycan nümayəndələrinin iştirakı və bir çox qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdə V.Qrubliauskas Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşma əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edib və tanışlıq məqsədilə Azərbaycana səfər etməyə razılığını bildirib.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov ilə görüşərək, soydaşlarımızın Litvanın ictimai, siyasi və mədəni həyatındakı fəaliyyətləri ilə maraqlanıblar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs