CƏMİYYƏT
Klinikada unikal əməliyyat: xəstəyə dil tikilib
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəli şişlə bağlı mürəkkəb əməliyyat icra olunub. Əməliyyat zamanı xəstənin dili, boynundakı limfa düyünləri çıxarılsa da, bədənin digər hissəsindən dil və dilaltı nahiyə əvəzləyicisi formalaşdırılıb.
AZƏRTAC xəbər verir ki, klinikanın ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Məhəmməd Davudovun universitetin mətbuat xidmətinə verdiyi məlumata görə, 62 yaşlı qadın xəstə dilin törəməsi ilə bağlı müraciət edib: “Dilində bədxassəli şişi olan xəstə əvvəllər müalicə alıb, hətta əməliyyat olunub. Dilinin bir hissəsi, boynundakı limfa düyünləri götürüləndən sonra xəstə şüa müalicəsinə göndərilib və 8 ay həyatına davam edib. Həmin xanım bundan əvvəl də bağırsaq xərçəngi ilə əlaqədar kimyəvi dərman və şüa müalicəsi alıb. Yəni, əslində o, onkoloji xəstədir”.
Lakin son vaxtlar onun dilində yenə kəskin ağrılar baş qaldırıb. M. Davudov bildirib ki, müayinələr nəticəsində xəstənin dilinin digər tərəfində də şişin yayılması, kütləvi şəkildə yayılan törəmənin bütün dil nahiyəsini tutduğu aşkar edilib. Şöbə müdiri deyib: “Onkoloqlarla məsləhətləşmədən sonra qərara gəlindi ki, şüa terapiyası artıq mümkün deyil, kimyəvi dərman müalicəsinin də heç bir səmərəsi yoxdur. Yeganə çıxış yolu cərrahi əməliyyat qalırdı. Həm də əməliyyat daha radikal şəkildə icra olunmalı, dil tam şəkildə götürülməli idi. Təbii ki, dilin tam götürülməsi texniki cəhətdən çətinlik törətmir. Amma əsas məsələ - əmələ gələcək çatışmazlığın bərpası idi. Konsulium nəticəsində dili və dilaltı nahiyəni götürəndən sonra əmələ gəlmiş geniş həcmli bir çatışmazlığın sərbəst damar ayaqcıqlı toxuma ilə aradan qaldırılması planlaşdırıldı”.
Beləliklə, xəstə əməliyyata götürülüb. Xəstənin əməliyyatdan sonrakı qidalanma probleminin aradan qaldırılması üçün onda, eyni zamanda, perkutan endoskopik qastrostomiya əməliyyatı da icra olunub: “Bir sıra inkişaf etmiş ölkələrdə belə xəstələrin əməliyyatdan sonrakı qidalanmasında problemi aradan qaldırmaq üçün məhz həmin üsuldan istifadə edirlər. Xəstə klinikanın ümumi cərrahları tərəfindən əməliyyat olunub. Hazırda xəstənin qidalanması bərpa olunur, ona istənilən qidanı vermək mümkündür. Bu isə yaraların sağalması, xəstənin yaxşılaşdırılması üçün çox mühüm bir şərtdir”.
Həkim bildirib ki, mürəkkəb əməliyyat 7 saat davam edib. Boyundakı damarların anestomozu hazırlanıb. Belin arxa yan hissəsi buradakı arterial və vena damarlarla birlikdə kəsilib, həmin damarlarla boyundakı damarlara anestomoz qoyulub: “Torakodokzal arteriya və vena dediyimiz damarlarla yuxarı qalxanvari arteriya və yuxarı qalxanvari vena arasında anestomoz qoyulub. Götürülmüş dəri əzələ diliminin köməyi ilə həm dil, həm də ağızdibi nahiyə formalaşdırılaraq tikilib. Xəstə bir həftə şöbəmizdə stasionar müalicədə alıb. Prosedurun unikallığı təkcə onun texniki cəhətdən uğurla başa çatmasında deyil, eyni zamanda, əməliyyatdan sonrakı konservativ müalicənin davam etdirilməsidir. Tədris Cərrahiyyə Klinikası və bizim şöbəmiz, eləcə də burada çalışan rezidentlər bu sahədə artıq peşəkarlaşıblar. Onların zəhməti nəticəsində köçürülən toxumada heç bir problem olmadı”.
Qeyd edək ki, xəstənın vəziyyət tam normaldır və artıq onu evə buraxıblar. Həkimlər müəyyən müddətdən sonra onun danışığının da bərpa olunacağını söyləyirlər.