MƏDƏNİYYƏT
Kluj şəhərində keçirilən festivalda Azərbaycan mədəniyyəti geniş təbliğ olunub
Buxarest, 25 may, AZƏRTAC
Rumıniyanın Kluj şəhər meriyası tərəfindən təşkil olunan mədəniyyət festivalı çərçivəsində Azərbaycanın Rumıniyadakı səfirliyinin, diasporumuzun dəstəyi, Babeş-Bolyai Universitetinin nəzdində fəaliyyət göstərən Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Azərbaycan guşəsi yaradılıb. Burada müxtəlif suvenirlər, ölkəmizin tarixini, mədəniyyət və adət-ənənələrini özündə əks etdirən kitablar, rəsmlər təqdim olunub.
Festival əllərində dövlət bayraqları tutmuş müxtəlif ölkələrin təmsilçilərinin, diaspor üzvlərinin şəhərin mərkəzində yürüşü ilə davam edib.
Kluj şəhərindəki kinoteatrda “Arşın mal alan” filmi nümayiş etdirilib. Eyni zamanda, festival çərçivəsində mayın 25-27-də şəhərin 3 liseyində Azərbaycan mədəniyyəti günləri keçiriləcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest