REGİONLAR
Köhnə şahmat məktəbi əsaslı təmir və yenidənqurmadan sonra müasir görkəm alıb
Ağsu, 4 avqust, AZƏRTAC
Ağsu şəhərinin mərkəzində, Azərbaycan küçəsində yerləşən şahmat məktəbinin köhnə binasında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılır.
Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, uzun illər təyinatı üzrə istifadə edilməyən bina demək olar, yararsız vəziyyətə düşmüşdü. Aparılan əsaslı təmir və yenidənqurma işləri şahmat məktəbinə müasir görkəm verib. Buradakı 320 kvadratmetrlik zal şahmat üzrə rayon və zona yarışlarının yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq. Binada, habelə 4 xidmət otağı da yerləşir.
Məktəb binasının ərazisindəki şahmat parkında da yenidənqurma işləri aparılır.
Şahmat həvəskarları üçün gözəl hədiyyə olacaq bina avqustun sonunadək istifadəyə tam hazır vəziyyətə gətiriləcək, bütün lazımi inventar və avadanlıqlarla təchiz ediləcək.