CƏMİYYƏT
Kollecdə Beynəlxalq Tibb Bacısı günü qeyd edilib
Bakı, 13 may, AZƏRTAC
Yasamal rayonundakı 2 nömrəli Bakı Baza Tibb Kollecində Beynəlxalq Tibb Bacısı və Beynəlxalq Talassemiya gününə həsr olunmuş tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kollecin direktoru, tibb elmləri namizədi Dilarə Məmmədəliyeva tədbiri açaraq tibb bacısının məsuliyyətli və şərəfli peşə olduğunu barədə danışıb və kollecin tələbələrinə bu adı ləyaqətlə daşımağı, xəstələrin sağlamlığı keşiyində şərəflə dayanmağı məsləhət görüb.
Qızıl Aypara cəmiyyətinin koordinatoru, Həkimlərin Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova “Tibb bacısı ixtisasının yaranması, təşkili və inkişafı” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin ikinci hissəsində “Talassemiyasız həyat” adlı elmi–praktik konfransda kollecin müəllimi Könül Veysova irsi xəstəlik, talassemiyanın profilaktikasının gücləndirilməsi, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi və xəstələrin donor qanı ilə təminatı barədə danışıb.
Mövzu ilə əlaqədar sənədli film, slayd-şou və videoçarxlar nümayiş olunub.