ELM VƏ TƏHSİL
Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 7.611 abituriyent qeydiyyatdan keçib
Bakı, 13 iyul, AZƏRTAC
9 illik təhsil bazası üzrə kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 7.611 abituriyent qeydiyyatdan keçib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, abituriyentlərdən 2.409-u bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçib. Qaydalara əsasən, bu abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər. Abituriyentlərdən 1.019 nəfəri buraxılış (qəbul) imtahanı üzrə tələb olunan minimal müsabiqə şərtlərini ödəmədiyindən ixtisas seçiminə buraxılmayıb. İxtisas seçiminə buraxılanların sayı 1.390 nəfərdir. 5.202 abituriyent isə xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçib. 1.404 nəfər buraxılış (qəbul) imtahanının nəticəsinə qoyulan minimal bal tələbini ödəmədiyi üçün qabiliyyət imtahanlarına buraxılmayıb.
Qabiliyyət imtahanına buraxılan 3.798 abituriyentdən 3.304-ü buraxılış vərəqəsini çap edib. İmtahanda iştirak edənlərdən 1.580-i “məqbul” qiymət alıb, 1.130 nəfər imtahana gəlməyib. 689 nəfərin qiyməti isə hələlik elektron məlumat bazasına daxil edilməyib.
İxtisas seçimi iyulun 18-dək davam edəcək. Abituriyentlər qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da elektron ərizələrində qeyd edə bilərlər.