MƏDƏNİYYƏT


Kölndə Qara Qarayevin əsərləri səsləndirilib

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Almaniyada yaşayan azərbaycanlı musiqiçi, pianoçu, Köln Musiqi Akademiyasının dosenti Elnarə İsmayılova Melanthon Akademiyasında geniş mühazirə və musiqi proqramı ilə çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, E.İsmayılova böyük rus bəstəkarı Dmitri Şostakoviçin 110 illiyinə həsr olunmuş tədbirdə tamaşaçılar qarşısına çıxıb. Həmyerlimizin təşəbbüsü ilə proqramda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına da xüsusi yer ayrılıb. Çıxışında Köln Musiqi Akademiyasının dosenti Q.Qarayevin yaradıcılığı və onun “Şostakoviç məktəbi” ilə əlaqələri haqqında məlumat verib. Q.Qarayevin bəstəkarlıq istedadının Şostakoviç tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Pianoçu Qara Qarayevin Azərbaycan musiqisində folklor ilə müasirlik simbiozundan danışaraq, onun məhz bu sahədə XX əsrin musiqisinə verdiyi töhfənin əhəmiyyətini vurğulayıb.

Daha sonra Elnarə İsmayılova Şostakoviçin əsərləri ilə yanaşı, Qara Qarayevin “24 prelüd” əsərini ifa edib.

Qara Qarayevin musiqisi tamaşaçılarda böyük maraq doğurub. Tədbirin sonunda qonaqlar E.İsmayılovaya böyük bəstəkarın yaradıcılığı haqqında, ümumiyyətlə, Azərbaycan mədəniyyətinə dair suallar verib, müzakirələr aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.