QAN YADDAŞI


Kolumbiya ictimaiyyəti 20 Yanvar faciəsi barədə məlumatlandırılıb

Bakı, 20 yanvar, AZƏRTAC

Kolumbiyanın populyar www.tnnpoliticas.com xəbər portalında yayılan məlumatda keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun cari ilin fevralında Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək Beynəlxalq Nobel Sülh Mükafatı laureatlarının 16-cı sammitində iştirak etmək üçün bu ölkəyə səfər edəcəyi bildirilib. Məqalədə, eyni zamanda, onun Azərbaycan Respublikasına tanklarla ordu yollayaraq qırğın törətdiyinə işarə vurulub. Bu barədə AZƏRTAC-a Azərbaycanın Kolumbiyadakı səfirliyindən məlumat verilib.

Xəbər portalı bu məlumatın ardınca Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Ramil Fərzəliyevin 20 Yanvar faciəsindən, onun tarixi-siyasi səbəblərindən bəhs edən məqaləsini dərc edib.

Məqalədə 26 il əvvəl Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi, bu gün isə transmilli və regional layihələri həyata keçirərək böyük iqtisadi potensiala malik ölkəyə çevrildiyi qeyd olunur. Bu gün regionun ən inkişaf etmiş və dinamik ölkəsi olan Azərbaycanın indiki inkişaf səviyyəsinə çatmasının asan olmadığı, bir çox çətinliklərdən, əziyyətlərdən keçdiyi bildirilir. Məqalədə 1970-ci illərdən başlayaraq Azərbaycanın iqtisadi, sənaye və elmi yüksəlişə qədəm qoyub SSRİ-nin ən mühüm respublikalarından birinə çevrildiyindən, lakin 1988-ci ildən başlayaraq o vaxtkı SSRİ rəhbəri M.Qorbaçovun Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləməsindən, bu çirkin oyuna etiraz edən Heydər Əliyevin siyasi təqiblərə məruz qalmasından bəhs olunur. 1990-cı ilin yanvarında Bakıda azadlıq və müstəqillik tələbi ilə küçələrə çıxaraq dinc nümayiş keçirən mülki əhali üzərinə keçmiş Sovet İttifaqının rəhbəri M.Qorbaçovun əmri ilə ordu yeridildiyi, dinc əhaliyə divan tutulduğu, qadın, yaşlı və uşaq demədən insanların amansızlıqla qətl edildiyi, bununla sovet rəhbərliyinin xalqı qorxudaraq azadlıq və müstəqillik uğrunda mübarizədən çəkindirmək məqsədini güddüyü məqalədə qeyd olunur. Lakin tam əksinə, bu hadisələrin Sovet İttifaqının süqutunu sürətləndirdiyi, azadlıq və müstəqillik hərəkatının bundan sonra daha geniş vüsət aldığı, 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyini bərpa etdiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.