DÜNYA
Kolumbiya parlamenti FARC qiyamçılarının amnistiyası haqqında qanunu təsdiqləyib
Bakı, 29 dekabr, AZƏRTAC
Kolumbiya parlamenti Kolumbiya inqilabi silahlı qüvvələri (FARC) qiyamçılarının amnistiyası haqqında qanunu təsdiqləyib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, parlamentin hər iki palatası qanun layihəsinin lehinə səs verib. Bununla belə, sənədi tənqid edən “Demokratik mərkəz” müxalifət partiyasının təmsilçiləri səsvermədə iştirakdan imtina ediblər.
Kolumbiyanın daxili işlər naziri Xuan Fernando Kristonun sözlərinə görə, bununla da FАРC üzvlərinin gələn ilin birinci kvartalında tərxis və tərksilah olunması üçün yol açılıb. Bu, 52 illik münaqişənin başa çatması deməkdir. İndi FАРC-ın silahlarının alınması BMT-nin əlindədir. Sazişin reallaşdırılmasına başlamaq olar.
Sənədə görə, amnistiya ağır cinayətlərdə - kütləvi qətllərdə, oğurluq və zorakılıqlarda əli olan qiyamçılara şamil edilmir. Onların taleyi hökumət nümayəndələri və FАРC təmsilçilərindən ibarət xüsusi komissiya tərəfindən müəyyənləşdiriləcək.
1964-cü ildən başlayan münaqişə nəticəsində ölkədə 220 min nəfər həlak olub. Onların 177 mindən çoxu dinc sakinlərdir. Həmçinin 1985-2012-ci illər arasında 5 milyondan çox mülki əhali evlərini tərk etmək məcburiyyətində qalıb. Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə yarım əsrdən çox davam edən vətəndaş müharibəsinin dayandırılmasında səylərinə görə 2016-cı ildə Nobel sülh mükafatına layiq görülüb.