DÜNYA
Kolumbiyada 7 min üsyançı silahını təhvil verir
Bakı, 21 fevral, AZƏRTAC
“Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” qruplaşmasının təxminən 7 min üzvü BMT-nin nəzarəti altında silahlarını təhvil vermək üçün ölkə ərazisində yaradılan xüsusi zonalara gəlib. Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərxan Haq məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, üsyançıların könüllü şəkildə silahlarını təhvil verməsini tarixi hadisə adlandıran missiyanın başçısı general Havyer Peres Akinonun sözlərinə görə, bu, “silahlı toqquşmaların mümkünlüyünü xeyli azaldır”.
Xatırladaq ki, Kolumbiya hökuməti və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” 2016-cı il noyabrın 24-də yarım əsrlik silahlı qarşıdurmaya son qoyan sülh sazişi imzalayıblar. Noyabrın 30-da sənəd Konqres tərəfindən təsdiqlənib, dekabrın 1-də isə üsyançıların beynəlxalq monitorinq missiyasının nəzarəti altında silahlarını təhvil verməsini nəzərdə tutan razılaşmaya start verilib. Bundan sonra qruplaşma öz fəaliyyətini dayandıracaq və onun əsasında siyasi hərəkat qurulacaq.