DÜNYA
Kolumbiyada təyyarə qəzası: sağ qalanlar var
Bakı, 29 noyabr, AZƏRTAC
Kolumbiyada baş vermiş təyyarə qəzasında sağ qalanların olduğu barədə xəbərlər yayılmaqdadır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qəzadan sağ qurtaranların sayının 6-dan 13-dək olduğu bildirilir. Son məlumata görə, onların arasında Braziliyanın “Şapekoense” klubunun müdafiəçisi Alan Rusşel, qapıçısı Danilo Padilya və bir stüardessa var. Ağır xəsarətlər alan futbolçular xəstəxanaya çatdırılıb.
Medelin şəhər polisi qəza nəticəsində 75 nəfərin öldüyünü təsdiqləyib.
Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliyanın “Şapekoense” klubu futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə hava limanına çatmağa az qalmış qəzaya uğrayıb. Qəza ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Ehtimallar arasında yanacağın qurtarması və elektrik avadanlığının sıradan çıxması da var.
Təyyarə Kolumbiyanın Medelin şəhərinə uçurdu. Noyabrın 30-da burada Cənubi Amerika kuboku turniri çərçivəsində yerli “Atletiko Nasonal” və Brazilyanın “Şapekoense” klubları arasında oyun keçirilməli idi.