REGİONLAR


Kolumbiyanın xarici işlər naziri Qəbələnin istehsal müəssisələri ilə tanış olub

Qəbələ, 18 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqin tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, qonağa rayonun qədim tarixi, müasir inkişafı, füsunkar təbiəti və istehsal müəssisələrinin fəaliyyəti barədə məlumat verilib.

Daha sonra “Beltmann” piano fabriki ilə tanış olan nazir Mariya Anxela Olqinə bildirilib ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilməsi mümkündür.

Qəbələ konserv zavodu, “Qəbələ-Qida Şəhərciyi” ilə tanış olan qonaq rayonda sosial-iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar barədə məlumatlandırılıb. Həmçinin, rayonun turizm və kənd təsərrüfatı sahəsindəki potensial imkanları, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində Qəbələyə səfər edən turistlərin sayının artım dinamikası haqqında məlumat verilib.

Kolumbiyalı qonaq Qəbələ rayonuna səfərindən məmnun olduğunu və xoş təəssüratlarla ayrıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.