CƏMİYYƏT
Komitə sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb
Bakı, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelm və "Həyat sözü" cəmiyyətinin MDB ölkələri və beynəlxalq xidməti üzrə nümayəndəsi Karl Qustav Severi ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Mübariz Qurbanlı Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu deyib. Əsrlər boyu Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayıb, dini-etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmayıb. M.Qurbanlı apreldə İsveçə səfərini və keçirdiyi görüşləri xatırladaraq bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Komitə sədri “Həyat sözü” icmasının dini xarakterli tədbirlərdə yaxından iştirak etdiyini, ümumilikdə, icmanın fəaliyyətinin mövcud qanunvericiliyə müvafiq olduğunu bildirib.
Yenidən ölkəmizdə olmalarından məmnunluqlarını ifadə edən qonaqlar Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi olaraq qeyd ediblər.