İQTİSADİYYAT


Kompüter sistemlərinin təhlükədən qorunması üçün Elektron Təhlükəsizlik Mərkəzinin tövsiyələri

Bakı, 13 may, AZƏRTAC

Mayın 12-də beynəlxalq kiberməkanda qlobal virus epidemiyası qeydə alınıb.

AZƏRTAC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən virus dünyanın 99 ölkəsində 75 mindən çox kompüter sistemində yayılıb. “WannaCry” adlandırılmış bu virusun əsasən “Windows” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.

Yoluxmuş kompüterlərdəki bütün növ fayllar – sənədlər, şəkillər, videolar, məlumat bazaları şifrələnir, kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ tələb edilir.

“Microsoft” şirkətinin aşkar olunmuş boşluğun aradan qaldırılması ilə bağlı “Microsoft Security Bulletin MS17-010 – Critical” adlı yenilənməsi mövcuddur.

Hazırda müxtəlif antivirus proqramlarında virusa qarşı müvafiq təzələnmələr aparılıb.

Kompüter sistemlərinin təhlükədən qorumağınız üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilər üçün aşağıdakıları tövsiyə edir:

İstifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki “Windows” əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə (“patch”ın yüklənməsi və quraşdırılması) aparmağı;

E-poçt vasitəsi ilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi klikləməməyi;

Vacib sənədlərin ehtiyat nüsxəsini (backup) yaratmağı;

Aktiv və antivirus bazası aktual olan antivirusdan istifadə etdiyinizdən əmin olmağı;

Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, “Microsoft Defender” antivirus proqramından istifadə etməyi;

Antivirus proqramı vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamağı;

İnternetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməyi;

Baş verilmiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Elektron Təhlükəsizlik Mərkəzinin “1654” “Qaynar xətt”inə zəng etməyiniz və ya [email protected] elektron ünvanına yazmağınız tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.