CƏMİYYƏT
Kompyuter oyunları üzrə X Azərbaycan milli çempionatının final mərhələsi keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də kompyuter oyunları üzrə X Azərbaycan milli çempionatının final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Kompyuter Oyunları Milli Assosiasiyası və Azərbaycan Kiber İdman Federasiyası tərəfindən təşkil olunub.
Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən çempionatda 258 nəfər finalda iştirak hüququ qazanıb. Final mərhələsində dörd komanda (“Counter Strike: Global Offensive”, “DOTA 2”, “PointBlank”, “League of Legends”) və üç fərdi (“HearthStone”, “FİFA 16”, “Street Fighter V”) növ üzrə yarışlar keçirilib.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov və Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev gənclərə uğurlar arzulayıblar. Qeyd olunub ki, avqustun əvvəlindən bu günədək respublikamızın müxtəlif regionlarından 2 mindən çox gənc mərhələ yarışlarında iştirak edib. Bildirilib ki, Azərbaycan çempionatında üç oyun (League of Legends, Counter Strike: Global Offensive, HearthStone) üzrə qalibləri oktyabrda İndoneziyada keçiriləcək kompyuter oyunları üzrə VIII dünya çempionatında iştirak edəcəklər.
Yarışlara sentyabrın 4-də yekun vurulacaq və qaliblər mükafatlandırılacaq.
Xatırladaq ki, 2014-cü ildə kompyuter oyunları üzrə VI dünya çempionatı Bakıda təşkil olunub.