SİYASƏT


Konçetta Fierravanti-Uells: Azərbaycanın ərazi bütövlüyü məsələsində Avstraliyanın mövqeyi dəyişməzdir

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə və Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva bu ölkənin beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avstraliyalı nazirə Azərbaycanın siyasi-iqtisadi uğurları, energetika, nəqliyyat və digər sahələr üzrə regionda həyata keçirilən iri layihələr barədə məlumat verilib.

Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırılıb.

Azərbaycan nümayəndələri ədalətli mövqeyinə və ölkəmizin suverenliyini, ərazi bütövlüyünü dəstəkləməsinə görə Avstraliyaya minnətdarlığını bildiriblər.

Konçetta Fierravanti-Uells Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Avstraliya hökumətinin dəyişməz mövqeyini bir daha vurğulayıb. O, həmçinin Azərbaycanla həm siyasi, həm də ticari və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsində böyük maraq ifadə edib və dövlətlərarası münasibətlərin vacib hissəsi sayılan parlamentlərarası münasibətlərin möhkəmləndirilməsinin önəmini vurğulayıb.

Tərəflər, həmçinin Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindən sayılan qeyri-neft sektorunda əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Kənd təsərrüfatı, turizm, IT kimi sahələrdə əməkdaşlığın və Avstraliyanın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

Bundan başqa, Azərbaycanın multikulturalizm və tolerantlıq siyasəti barədə məlumat verilib. Konçetta Fierravanti-Uells Avstraliya multikulturalizm nazirinin keçmiş müavini olaraq müasir dünyada multikulturalizm dəyərlərinin təbliğ olunmasının vacibliyini anladığını qeyd edib və Azərbaycanın bu istiqamətdə səylərini dəstəkləyib.

Bu il Azərbaycan ilə Avstraliya arasında diplomatik münasibətlərin 25 ilinin tamam olduğu qeyd edilən görüşdə əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.