İDMAN


Konfederasiyalar Kuboku: “A” qrupundan yarımfinala Meksika və Portuqaliya milliləri yüksəliblər

Bakı 24 iyun, AZƏRTAC

İyunun 24-də futbol üzrə FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin üçüncü turunda “A” qrupunda iki qarşılaşma oynanılıb.

AZƏRTAC xəbər verir ki, meydan sahibləri Rusiya millisi Meksika ilə üz-üzə gəlib. “Kazan arena” stadionunda gərgin idman mübarizəsi şəraitində keçən görüş 2:1 hesabı ilə Meksika komandasının qələbəsi ilə başa çatıb. Hesabı 25-ci dəqiqədə Aleksandr Səmədovun qolu ilə ev sahibləri açıblar. Beş dəqiqə sonra isə cənubi amerikalılar matçda bərabərlik qolunu vurublar – 1:1.

İkinci hissənin 52-ci dəqiqəsində rusiyalı qapıçının səhvindən istifadə edən Meksika yığmasının futbolçusu İrvinq Losano komandasını hesabda irəli çıxarıb. Görüşün 60-cı dəqiqəsində Meksika yığmasının futbolçusu Ektor Moreno üçüncü topu qapıdan keçirsə də, qol ofsayddan vurulduğu üçün videotəkrardan sonra hakim qolu qeydə almayıb. Matçın qalan vaxtında komandalar bir neçə təhlükəli vəziyyət yaratsalar da, hesab dəyişməyib.

Paralel keçən ikinci oyunda bu qrupda yer alan digər komanda Portuqaliya autsayder Yeni Zelandiya ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən oyun Portuqaliya yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Son Avropa çempionunun heyətində topları oyunun 33-cü dəqiqəsində ulduz futbolçusu Kriştiano Ronaldo (penaltidən), 37-ci dəqiqədə Bernardo Silva və 80-ci dəqiqədə Andre Silva və 91-ci dəqiqədə Nani qapıdan keçiriblər.

Beləliklə, üç turdan sonra hesabında yeddi xal olan Portuqaliya millisi “A” qrupunun lideri kimi yarımfinala yüksəlib. Hesabındakı xalları yeddiyə çatdıran Meksika yığması qrup ikincisi olaraq növbəti mərhələyə adlayıb. Aktivində üç xal olan ev sahibi Rusiya qrupda üçüncü yeri tutaraq turnirdə mübarizəni dayandırıb. Hesabında xalı olmayan Yeni Zelandiya komandası isə dördüncü pillədə qərarlaşıb.

İyunun 25-də növbəti oyunlar “B” qrupunda yer alan komandalar arasında keçiriləcək. Bu qrupda Almaniya millisi Kamerun yığmasını qəbul edəcək. Digər matçda isə Çili və Avstraliya milliləri üz-üzə gələcəklər. Hər iki görüş saat 19:00-da başlayacaq.

Yarımfinal görüşləri iyunun 28-29-da, üçüncü yer uğrunda oyun və final qarşılaşmaları iyulun 2-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.