İQTİSADİYYAT


Konfrontasiya əvəzinə inteqrasiya

Moskva, 5 iyul, AZƏRTAC 

Biznes və hökumət nümayəndələrini, analitikləri və alimləri bir araya gətirən birinci “Primakov qiraətləri” forumu 2016-cı ilin noyabrında keçirilib və dərhal dünyanın ən nüfuzlu konfranslarının onluğuna daxil olub. Forumun əhəmiyyətinin sirri ondadır ki, bu, akademik tədbir deyil, dünya miqyasında özünəməxsus “beyin hücumu”dur: ikinci “Primakov qiraətləri”ndə iştirak etmək üçün Moskvaya 20 ölkədən 45 aparıcı ekspert gəlib. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbirinə müsahibəsində forumda müzakirə edilmiş başlıca mövzulardan danışıb.

- Dmitri İvanoviç, dünyanın hər yerindən bu qədər mühüm analitik qüvvələri cəlb edən “Primakov qiraətləri”nin unikallığı nədədir?

-Tədbirin formatı özlüyündə intellektual nou-haudur. Yarım əsr əvvəl yaranan metod “Primakov metodu” adını aldı. Həmin metoda görə, ekspert qrupu mövcud informasiya və rəylərin qarşılaşdırılması əsasında vəziyyəti təhlil edir və onun inkişafını proqnozlaşdırırdı. Bu metod nəticəsində vaxtilə Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun analitikləri Yevgeni Primakovun rəhbərliyi altında çox mühüm dünya hadisələrini, məsələn, neftin qiymətinin qlobal ucuzlaşması və ya Yaxın Şərqdə siyasi böhranları proqnozlaşdıra biliblər. “Primakov qiraətləri” həmin ənənəni davam etdirir: diskussiyaların gedişində müxtəlif ölkələrdən ekspertlərin sərbəst ünsiyyəti və fikir mübadiləsi fikir ayrılıqlarını aradan qaldırmağa kömək edir, mürəkkəb müasir dünyada baş verən və onu dinamik dəyişən prosesləri daha yaxşı başa düşməyə kömək edir.

-Tədbirdə dünya siyasətinin mühüm fiqurları, o cümlədən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer çıxış ediblər, forumun ilk sessiyalarından biri isə Rusiya və ABŞ münasibətlərinə həsr edilib. Sizcə, bu məsələni gündəliyə təkrar-təkrar salmaq nədən irəli gəlir?

- Təəssüf ki, son illər Rusiya-ABŞ münasibətlərində “soyuq müharibə”nin stereotipləri dirçəlir və bu, çox həyəcan doğuran tendensiyadır. Forumda Henri Kissincer qeyd edib ki, ABŞ özünü dünyanın lideri hesab edir və öz milli siyasətini bu ideya əsasında qurur. Digər ölkələrə, məsələn, Rusiyaya və ya Çinə siyasi təsir üçün maliyyə və iqtisadi vasitələrdən istifadə etmək cəhdi buradan irəli gəlir. Lakin beynəlxalq münasibətlərin demokratikləşməsi, çoxqütblü dünya quruculuğu və iqtisadiyyatın qloballaşması kimi tendensiyalar Birləşmiş Ştatların iradəsindən asılı olmayaraq inkişaf edir və bu ölkənin rəhbərliyi bunu nəzərə almalıdır. Forumda çıxış edən Sergey Lavrov vurğulayıb ki, təkbaşına qlobal üstünlük və ikili standartların qüsurlu praktikasından əl çəkməyi nəzərdə tutan ölçülüb-biçilmiş yanaşmalar tələb olunan indiki vəziyyətdə geosiyasi oyunlara getmək lazım deyil.

- “İpək yolu” iqtisadi kəməri layihəsi forumda xüsusi müzakirə mövzusu olub. Bilirəm ki, bu mövzu Rusiya-Azərbaycan münasibətləri baxımından sizə xüsusilə yaxındır. 60-dan çox ölkənin marağında olan meqalayihənin reallaşdırılması perspektivlərini siz necə qiymətləndirərdiniz?

- Çinin “Bir kəmər – bir yol” təşəbbüsü həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən vacibdir, axı layihənin reallaşdırılması Şərq və Qərbin sərt qarşıdurması şəraitində başlayır. Çin də konfrontasiya əvəzinə inteqrasiya yolunu təklif edir ki, bu, layihənin iştirakçı ölkələri arasında iqtisadi əlaqələri möhkəmləndirməyə kömək edəcək. “İpək yolu” resurslara və bazarlara sərbəst çatmağa əsaslanan yeni qloballaşma modelidir. Bu gün yüklərin böyük hissəsi Çindən Avropaya dəniz yolu ilə çatdırılır ki, bu, çox gec başa gəlir: məsələn, dəniz konteyner daşıyıcısı Sankt-Peterburq limanlarına təxminən 30-40 günə gedir. Çindən quru yolu ilə daşımaların payına məhsulun yalnız 6 faizi düşür. “İpək yolu”nun reallaşdırılması Çin və Avropa arasında nəqliyyat dəhlizləri və yeni ticarət qovşaqlarının bütöv şəbəkəsini yaratmağa imkan verəcək. Əgər dəhlizlərdən biri hökumətin dəyişməsi, müharibə, tarif mübahisəsi səbəbindən bağlanarsa, yükü təyinat yerinə alternativ marşrutla göndərmək mümkün olacaq. İqtisadi miqyası təxminən 21 trilyon dollar dəyərləndirilən layihə əhalinin 65 faizini, enerji resurslarının 75 faizini və dünya ÜDM-in 40 faizini əhatə edən ərazidə rifahı yüksəltməyə və yeni iş yerləri yaratmağa imkan verəcək.

- “İpək yolu” layihəsinin reallaşdırılmasının Rusiya üçün nə kimi perspektivləri var?

- Faktiki olaraq bu gün Afrika və Süveyş kanalından keçən dəniz yolu və şimal dəmir yolu arasında rəqabət mövcuddur: dəmir yolu ilə yüklər Avropanın şimalına Mərkəzi Asiya və Rusiyadan keçir. Transsibir magistralı Çin və Avropanı əlaqələndirən əsas qovşaq olaraq qalır. Məsələn, qatar 12 min kilometr məsafəni 18 sutkaya qət edərək Londona çatır ki, bu, çox sərfəlidir. Lakin Transsib başdan-ayağa daxili daşımalarla yüklənib, onun modernləşməyə ehtiyacı var və Çindən nəqliyyat yüklərinin artırılmasına tab gətirə bilməz. “İpək yolu”na qoşulmaq ölkəmiz üçün nəqliyyat infrastrukturuna investisiyalar cəlb etmək və onu keyfiyyətcə yüksəltmək şansıdır.

- Azərbaycanın qlobal nəqliyyat layihəsində müstəsna dərəcədə mühüm rolu barədə nə deyə bilərsiniz?

- Əvvəlcə “İpək yolu”nun daha bir orta marşrutu - İran, İraq və Suriyadan Aralıq dənizinə marşrutu işlənib hazırlanmışdı: lakin regionda hərbi əməliyyatlara görə bundan imtina etmək lazım gəldi. Əksinə, Xəzər dənizindən, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən dəhliz daha perspektivlidir. Qeyd edim ki, Azərbaycan layihənin yeganə iştirakçı ölkəsidir ki, zəruri infrastrukturun yaradılması üçün Çin investisiyalarını cəlb etmir. Azərbaycan Xəzər dənizi sahilində 25 milyon ton yükü və bir milyon konteyneri boşaltmağa qadir nəhəng dəniz limanı tikir. Cari ildə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması ilə yüklərin Çindən Türkiyəyə çatdırılması daha tez başa gələcək və rentabelli olacaq. Bununla Azərbaycan ticarət yollarının kəsişməsində mühüm nöqtə olmasına dair tarixi reputasiyasını növbəti dəfə təsdiqləyir.

- Bəs “İpək yolu” layihəsinə qoşulmağın Türkiyə üçün hansı əhəmiyyəti var?

- Bu ölkə üçün bazarın genişləndirilməsi və ixrac həcmlərinin çoxaldılması potensialı əhəmiyyətli dərəcədə yüksələcək. Yeni nəqliyyat dəhlizi Türkiyədən Çinə yüklərin daşınma vaxtını üç dəfə - cəmi on günədək azaldacaq. Bundan başqa, Türkiyə nəqliyyat sahəsinə, energetikaya və infrastruktur layihələrinə böyük investisiyalar cəlb edə bilər. Təkcə son bir neçə ildə Bosfordan dəmir yolu tuneli və boğaz üzərindən körpü çəkilib, bu gün isə ölkə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində iştirak edir ki, bu, Türkiyə hökumət orqanlarının “İpək yolu” layihəsinə marağını göstərir.

Ümumiyyətlə, əminəm ki, Rusiya, Azərbaycan və Türkiyə bir-birinin mövqeyini gücləndirərək eyni komandada yer almalıdır. Azərbaycan və Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşması iqtisadi inkişafa sanballı təkan verə bilərdi, çünki həm “İpək yolu”, həm də Avrasiya İqtisadi İttifaqı bütün iştirakçıların bərabərliyinə və qarşılıqlı səmərəli prinsiplərə əsaslanıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.