ELM VƏ TƏHSİL
Konfutsi İnstitutunun tələbələrinin fotosərgisi açılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tələbələrinin fotosərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli və Çin tərəfdən direktoru xanım Luo Şiazhı institutun Azərbaycandakı fəaliyyəti barədə məlumat veriblər.
Qeyd olunub ki, 2011-ci ildə Bakı Dövlət Universitetinin (BDU) nəzdində Konfutsi İnstitutu açıldıqdan sonra hər il seçilmiş tələbələr Çinin Anhui Universiteti ilə ortaq qurumlar tərəfindən təşkil olunan beynəlxalq yay düşərgəsinə yola salınır. Bu il də yeddi azərbaycanlı tələbə müəllimlərin müşayiəti ilə bu ölkədə olub. Onlar iyirmi gün ərzində Anhui Universitetində təşkil olunmuş bir neçə tədbirdə iştirak edib, bu ölkənin tarixi ilə maraqlanıb, müasir dövrün inkişafı ilə tanış olublar. Tələbələrin Çin ilə bağlı xoş təəssüratları bu sərgidə əksini tapıb.
Sonra sərgiyə baxış olub. Sərgidə “Anhui Universitetinin diqqət və marağı”, “Unudulmaz anlar”, “Dostluq əbədi və dəyişməzdir”, “Gözəl Çin” mövzularına həsr olunmuş fotolar nümayiş etdirilib.
Sərgi çərçivəsində Çin mədəniyyətinə həsr olunan film göstərilib.