DÜNYA
Konqoda işıqforları nəhəng robotlar əvəz edib VİDEO
Bakı, 5 mart, AZƏRTAC
Konqo Demokratik Respublikasının hakimiyyəti çoxlu sayda yol hərəkəti qaydaları pozuntusunun qarşısını almaq üçün ölkənin paytaxtı Kinşasada kameralarla təchiz edilmiş beş robot quraşdırıb.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, robotlar günəş batareyaları ilə işləyir. Yol hərəkəti qaydalarına nəzarət etmək üçün robotun “əlləri” qırmızı və yaşıl lampalarla təchiz edilib. Şəhər hakimiyyəti bu yolla piyada və maşınların hərəkətini nizamlamağa çalışır. Çünki Konqo Demokratik Respublikasında yol hərəkəti iştirakçılarının böyük əksəriyyəti standart işıqfor və yol nişanlarına əhəmiyyət vermirlər. Bundan başqa, yol nişanları çox vaxt oğurlanır.
Nəhəng robotu oğurlamaq çox çətindir. Robota quraşdırılmış infraqırmızı videokameralar yalnız bütün baş verənləri və yol hərəkəti qaydaları pozuntusunu çəkməklə kifayətlənmir, həm də təsviri real vaxt rejimində polis bölməsinə göndərir. Robotların böyük oyuncağa oxşamasına baxmayaraq, sürücülər onun siqnallarına daha diqqətli yanaşırlar.